Qarayev Festival on Facebook Qarayev Festival on Youtube
az  en  ru

2015-ci il 20–24 apeldə Bakıda Qara Qarayev adına VI Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcəkdir.

İlk kərə artıq uzaqlarda qalmış 1986-cı ildə keçirilmiş Festivalın bu dəfəki konsepsiyası qəsdən olaraq "qeyri-konseptual"dır. İdeya müəlliflərinin fikrincə, radikal deklarasiya və manifestasiyaların dövrü çoxdan keçmiş və hazırda konseptual və quasi-konseptual diskussiyalarda mübahisələrin fonunda faktiki eşidilməz olmuş canlı Musiqini dinləməyin əsil zamanıdır. İncəsənət həvəskarları və Festivalın qonaqları bakılı dinləyicilər üçün çox az dərəcədə məlum olan, özlüyündə bir çox açılışları ehtiva edən, raritet xarakterli Musiqi eşidəcəklər.

Festivala bir növ rəmzi giriş kimi 20 aprel, günorta Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində isveçrəli gitara ifaçısı Christoph Jäggin tərəfindən məktəbin şagirdləri üçün ustad dərsləri veriləcəkdir. Elə həmin gün Müslüm Maqomayev adına Аzərbaycan Dövlət Filarmoniyasında Festivalin Açilişi mərasimi olacaqdır.

Açılış konsertində Üzeyir Hacibəyli adına Аzərbaycan Dövlət Simfonik Orkestri kollektivin baş dirijoru və bədii rəhbəri Rauf Abdullayevin idarəsi altında Q.Qarayev, W.Lutosławski, K.Saariaho, E.Denisov, F.Cerha, V.Soyfer və A.Berg kimi bəstəkarların əsərlərini səsləndirəcəkdir. Qara Qarayev tərəfindən bir zamanlar düşünülmüş, lakin təəssüf ki, həyata keçirilməmiş simfoninyanın hissələrindən birinin adı - "Kədərli axşam", konsertə epiqraf kimi götürülüb.

VI Festivalın proqramının mərkəzində Vladimir Tarnopolskinin "Jenseits der Schatten" (Kölgənin fövqündə) multimedial operası durur. Bu əsər 23 apreldə Gənc Tamaşaçılar Teatrının səhnəsində dirijorlar İqor Dronov və Fuad İbrahimovun idarəsi altında Moskvanın "Yeni Musiqi Studiyası" ansamblı tərəfindən səsləndiriləcək.

Muzey Mərkəzində XX əsrin sonunda yazılmış və opera janrının ən gözəl nümunələrinə aid edilə biləcək iki operanın video yazısı nümayiş etdiriləcək. 21 apreldə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskaya italyan bəstəkarı Salvatore Sciarrino'nun "Gözlərimin dönük nuru" operasını, növbəti gün, 22 apreldə isə elə bu məkanda ingilis bəstəkarı Harrison Birtwistle'in "Minotavr" operasını sənətşünaslıq doktoru Tatyana Tsareqradskaya təqdim edəcəklər.

"Laut Käfig ətrafinda" proqramı (21 aprel, Kamera və Orqan musiqisi Zalı, İsveçrə kollektivi ensemble écoute, solist Asako Motoshima, soprano) isveçrə bəstəkarı J.Wyttenbach'in eyni adlı vokal silsiləsinin ətrafında qurulmuşdur. Proqrama Y.Pagh-Paan, A.Zimmerlin, N.Castiglioni, I.Zelenka və Azərbaycan bəstəkarlarının isimləri daxildir.

Festival proqramında Azərbaycan və Rusiyanın birgə layihəsi olan, konseptual mərkəzində incəsənətin bütün zamanlardakı "leytmotivi" hesab edilə biləcək mövzudakı "Sevgi Hekayətləri" (22 aprel, Beynəlxalq Muğam Mərkəzi, solistlər Fəridə Məmmədova/soprano və Gülşən Ənnağıyeva/piano), XX əsrin vokal musiqisi mövzusuna özünənməxsus "variasiya" rolunu oynayır. İdeya müəllifi Rauf Fərhadov, video mühəndisi Rauf Məmmədov olan bu layihədə A.Schönberg, A.Webern, A.Berg, F.Schreker, H.Pfitzner, A.Zemlinsky'nin əsərləri səslənəcəkdir.

24 apreldə Festivalin bağlaniş konserti olacaqdır. "Xütbə, Dua, Tufan" ideyasına uyğun olaraq seçilmiş proqramda B.Furrer, B.Nilsson, A.Vustin, İ.Stravinski, İ.Hacibəyov, J.Tavener, A.Schoenberg və W.Lutosławski'nin əsərləri səslənəcəkdir.

Ümid edirik ki, zənginliyi və müxtəlifliyi ilə seçilən Festival proqramı, Bakı auditoriyası üçün vokal janrının qeyri-adi imkanlarının nümayişi ilə eyni zamanda yeni bəstəkar isimləri və yeni əsərlərlə tanış edəcəkdir.


*  *  *

Rauf Fərhadov, musiqişünas:

Bakıda Qara Qarayev adına VI Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir. Öncələr, sovetlər zamanı, 1986-cı ildə ilk Festival keçirilən zaman o radikal və alternativ xarakterində idisə, indi bu tədbir oturuşmuş və mötəbər mahiyyət daşıyır. Bu o səbəbdən baş verir ki, XXI əsrdə reallığın akademik dərkindən fərqlənən avanqard radikalizm ənənəsi haqdakı bütün mübahisələr öz aktuallığını itirir. Mədəniyyət artıq müxtəlif bədii ideologiyaların, üslub və məktəblərin mübarizə məkanı deyildir. 1986 ilə 2015-ci il arasında isə kifayət qədər ciddi zaman məsafəsi vardır.

Bu məsafədən aydın olur ki, müxtəlif bəstəkarlıq məktəblərinin nümayəndələri  arasındakı “musiqi müharibələri” öz əvvəlki aktuallığını itirmiş; daimi avanqard-yenilikçi ideyası ya bitmiş, ya da sönükləşərək akademik mainstream halına gəlmişdir. Bu dövrdə tamamilə aydın oldu ki, radikal bəstəkar çevrilişlərinə zərurət artıq yoxdur, ən ziddiyytli bədii təmayüllərin rahatca qonşuluq tapdığı musiqi məkanınınsa alternativ modeli meydana gəlmişdir. Bu hal xüsusilə özünü XX əsrin sonlarında, avanqardın konseptualizasiyasından və bu hərəkatın son olaraq öz-özünü imitasiyasından sonra başlandı. Bunlar isə onun tarixi sonunu zəruri edərək, avanqardın hansısa funksiyalarının tədricən kütləvi mədəniyyətə ötürülməsini təmin etdi. Proses zamanı yalnız terminologiya yox, müasir incəsənətin seminatika və struktur əsasları da dəyişildi. Bütün bunlar əlbəttə ki, müasir musiqi festivallarının ideoloji aspektində özünü göstərməyə bilməzdi. Doğrudur, onların bir çoxları indiyədək mümkün “izm” və “post”lara yönələrək, konsepsiyalarını məhz bu aspektlər ətrafında qurur. Və çox zaman məhz bu səbəbdən başlıca olanı – Musiqinin özünü itirərək.

Bu mənada VI Qara Qarayev festivalı bəlkə də ilk olaraq, nəinki “avanqard”, “alternativ”, “andeqraund”… Əsas olan budur ki, Musiqi sözü saxlanılmışdır və ardını artıq dinləyici müəyyən etməlidir — “izm” və ya “post”, kosept və ya dekonstruksiya, happenenig və ya mutimedial?

Festivalın daha bir xüsusiyyəti bu tədbirin hansısa festival formatı və ya standartından — bir çox festivallarda proqram məhz bunlara uyğun düzənlənir — uzaq olmasıdır. Qarayev Festivalı hər dəfə musiqi sənətində müxtəlif təsəvvürləri, anlamları və formaları özündə ehtiva edən yeni bir musiqi məkanına çevrilir. Bu dəfəki, Altıncı Festival — XX-XXI əsrin vocal musiqisinə həsr edilib. XX-XXI əsrlərdə isə, məlum olduğu kimi vocal incəsənətində çox sevilən və ənənəvi belcanto janrından başqa dünyalar və gələnəklər mövcuddur. Bunlar da öncəkilər kimi çox maraqlı, cəlebdici və ecazkardır, hərçənd ki, böyük təəssüflərə rəğmən, geniş dinləyici kütləsi üçün indiyədək naməlum olaraq qalmaqdadırlar. Bu anlamda Festival, dinləyicilərə irəlidə çox maraqlı macəralar təklif edir. W.Lutosławski, J.Wittenbach, V.Tarnopolski, K.Saariaho, B.Furrer, J.Tavener, A.Vustin, İ.Hacıbəyovun əsərləri dinləyiciləri yeni vokal məkanlarına xəyali səyahəti olacaq. Bu mənada “Malmberget dahisi” adlandırılmış, böyük isveç bəstəkarı Bo Nilsson tərəfindən 1958-ci ildə qələmə alınmış və hazırda demək olar ki, yaddan çıxarılmış və ifa edilməyən Brief an Gösta Oswald əsərini ayrıca qeyd edə bilərik. 24 apreldə o Bakıda səslənəcək!

Qara Qarayev adına Festival, deyildiyi kimi XX-XXI əsrlərin musiqisi ideyasını daşıyır. Bu bir mənada çoxəsrlik böyük ənənənin davamıdırsa, başqa tərəfdən də çağdaş musiqinin çoxşaxəli və çoxsəthliliyi anlamını özündə ehtiva edir. Yəqin ki, bu səbəbdən Festivalın hər konserti müasir musiqinin bir üzü, onun bir variantıdır. Proqrama göz atarkən orada iki böyük rəmzi-simfonik tağa — “Kədərli axşam” (Qarayevin bir zamanlar nəzərdə tutduğu və təssüf ki, qələmə almadığı simfoniyanın bir hissəsi belə adlanırdı) və “Təzadlar”a (müxtəlif layihələr və konsepsiyalar) rastlayacaqsınız.

Festivalın daha bir vacib tərəfi — ifaçıların seçimidir və bu heç də hər zaman kəmiyyət və böyük isimlərlə ölçülmür, lakin keyfiyyət burada hər zaman başlıca göstəricidir. Öncələr olduğu kimi, seçim zamanı “ulduz” ların dəvəti başlıca deyildi, çünki bu mənada cazibə, Festivala əsla gərək deyil. Burada başlıcası musiqinin özü və onun ifaçılarıdır. Bu səbəbdən iştirakçılar arasında öncələr Festivalda məharətini göstərmiş, Bakı və Avropa dinləyicilərinə tanış olan ifaçılar var.

Beləliklə aprelin 20-dən 24-nə kimi Bakıda Qara Qarayev adına VI Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir. Mütləq dinləməyə gəlin, çünki növbəti, Yeddinci Festivalı düz üç il gözləməli olacaqsınız. Belə ki, 2018-ci il bizim musiqinin klassikinin 100 illik yubileyi və onun xatirəsi ilidir. Altıncı Festival isə “burada və indi” keçirilir. Yeddinci “orada və elə o saatda” baş verəcək. Düz üç ildən sonra.



















Pro Helvetia, Swiss Arts Council            Medeniyyet TV           YOL Magazine           'Muzikalnaya Zhizn' magazine, Moscow