Qarayev Festival on Facebook Qarayev Festival on Youtube
az  en  ru
Qara Qarayev  beynəlxalq müasir musiqi  Festivalı                  

Bakı, Аzərbaycan, 14-19 Aprel 2013



                       Mətbuat

Festivalin bağlanişi. "ÜÇ DOLANBAC"

Berio rəmzi altında

19.04.2013

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalının bağlanışını tədbirlər silsiləsinin kulminasiya nöqtəsi adlandırmaq olar. Final konsertində postsovet məkanında ilk dəfə olaraq italyan bəstəkarı Luciano Berio`nun Simfoniyası (1968) səsləndi. Birinci hissədə isə XX əsr avropa avanqardı üçün əhəmiyyətli əsərlər György Ligeti`nin "Lontano" (1967) və Arnold Schönberg`in Piano konserti (1942) ifa edildi.

Ötən əsrin ortalarının bəstəkarlıq texnikalarının geniş palitrasını — son dövr dodekafoniyasının ciddi səsdüzümü, mikropolifonik nüanslı sonorika və nəhayət, səs qatları arasındakı yetərli əlaqə və kollaj texnikasını bir orkestr konsertinə sığdırmaq çox az təsadüf olunan haldır. Festivalın bədii rəhbəri Fərəc Qarayevin sözlərinə görə, "Səslənən üç əsər — müasir musiqidə "üç dolanbac" olub XX əsr musiqisinin tamam fərqli üslub və istiqamətlərinin daşıyıcılarıdır. Festivalın bağlanışı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə həvalə olunmuşdur. Kollektiv təcrübəli maestro Rauf Abdullayevin rəhbərliyi altında proqramın tələb etdiyi mürəkkəb əsərlərin öhdəsindən böyük uğurla gəlmişdir.

"Lontano" — György Ligeti`nin ən tanınmış əsərlərindən biridir. Kiçik pyes (davamlılığı on dəqiqədən bir az artıq) bu gün də cəzbedici səslənir. Onun geniş səs məkanı axaraq formasını dəyişir, çəkisizlikdəki böyük civə damlası kimi boz parıltılara çevrilir... O, XX əsrin ikinci yarısı avanqardının klassiklərindən olsa belə, hətta indi də bəstəkar kimi heyrətləndirir. Berio 60-cı illərdə irreal səs kainatını eşidərək ötürmək vasitəsi tapmışdır.

Orkestr pyesin incə vibrasiyalar dalğasına ideal şəkildə köklənmişdir. Elə təssürat yaranırdı ki, sanki bütün zala güclə sezilən və tembr keçidləri sayəsində sayrışan səs protoplazması dağılmışdır.

Ligeti`dən sonra Schönberg`in Piano konserti (ор. 42) bir qədər anaxronik səsləndi. Avstriyadan olan pianoçu Kaori Nishii mürəkkəb seriya kompozisiyasını texniki baxımdan parlaq şəkildə səsləndirdi. Orkestr də həm üslub, həm tembral baxımdan bir qədər quru, dəqiq qurulmuş partituranın ifasını yüksək səviyyədə çatdıra bildi.

Bu, yazılmasından dərhal sonra publika tərəfindən birmənalı şəkildə qəbul edilməyən mürəkkəb dodekafon əsərdir. Haqqında danışılan konsertdəki ifada isə auditoriya tərəfindən yetəri qədər sakit reaksiya ilə qarşılanaraq tarixi perspektiv baxımından maraq cəlb etdi.

Antrakt çoxları üçün həyəcanlı gözləmə şəraitində keçdi: Berio alınacaqmı?.. Axı bu, dərin mürəkkəblikdə olan partituradır. Lakin səkkiz səs və orkestr üçün yazılmış beşhissəli "nəhəng"in ilk dəqiqələrinin səslənməsi bütün şübhələrə son qoydu: narahatlığın əbəs yerə olduğu anlaşıldı.

Berio`nun Simfoniyası tarixə musiqi postmodernizminin manifesti kimi daxil olaraq əhəmiyyətli hadisəyə çevrilərək XX əsrin ikinci yarısı musiqi avanqardının bir çox inkişaf yollarını müəyyənləşdirdi. İstənilən bədii istiqamətə aid incəsənət əsərinin "manifest" elan olunmasının zamanla əhəmiyyətini itirməsi hallarına rast gəlinir. Lakin Berio`nun Simfoniyası — fərqli qaydalı əsərdir. Bu əsər o dərəcədə mərhələvi əhəmiyyətli və çoxcəhətlidir ki, hazırkı günə qədər ətrafında diskussiyalar tükənmir. Festival çərçivəsində keçirilən konfransda musiqişünas Cahangir Səlimxanovun "Luciano Berio'nun Sinfoniyası və müasir dövrdə çoxmədəniyyətli mənsubiyyət əlamətləri" adlı mühazirəsində Berio`nun şedevrinin yarım əsr bundan əvvəldə olduğu kimi bu gün də aktual olduğu deyildi (və bəlkə də, hazırkı mədəni vəziyyətin "hazırlanması"nda əhəmiyyətli rol oynadı). Canlı ifa isə bu nəzəri tezisi təsdiq etdi.

Simfoniya nəhəng effekt yaratdı. Xüsusilə, əsasını Mahler`in II simfoniyasından olan "Antonius Patavinus`un balıqlara xütbəsi" təşkil edən xrestomatik üçüncü hissə — In ruhig fliender Bewegung — güclü təsir bağışladı. Musiqi və mətnlərdən yaranmış mürəkkəb dinamik kollaj-simfoniyanın öz tərkibində posmodernizmin mərkəzi — auditoriyanı o dərəcədə həyəcanlandırdı ki, zal əsərin sonunu gözləmədən alqışlara qərq oldu.

Simfoniyanın ifası üçün solist qismində Filipp Çijevski`nin rəhbərliyi altında Moskvadan dəvət olunmuş "Questa Musica" vokal ansamblı çıxış etdi.

Artıq məşqlərdə festivalın bədii rəhbəri Fərəc Qarayev və maestro Rauf Abdullayev gənc kollektivin professionalizmini vurguladı. Qeyd etək ki, Simfoniyanın ifasının yüksək səviyyədə baş tutması üçün bu kollektivin böyük rolu oldu.

Mərhələ əhəmiyyətli konsertin iştirakçılarının səyləri layiqincə qiymətləndirildi. Simfoniyanın ifasından sonra on dəqiqədən artıq bir müddətdə alqışlar davamlı oldu, musiqiçilər isə (istər səhnədə, istərsə də publikadan olanlar arasında) bir –birilərini bu tarixi hadisə münasibətilə təbrik edirdilər.

Luciano Berio`nun Simfoniyası — "musiqilərin musiqisi" — festivalın doğlun və çoxcəhətli proqramının sonuna nöqtə deyil, böyük nida işarəsi qoymuş oldu. Hər üç əsərin ifası Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yüksək texniki və bədii potensialını, onun baş dirijor və bədii rəhbəri, avropa miqyaslı musiqiçi Rauf Abdullayev və Questa musica solistlər Ansamblının ustalığını nümayiş etdirdi.

Ümid edirik ki, hər sonrakı festival yeni bədii təəssüratlar gətirərək güc və əhəmiyyət baxımından V Beynəlxalq Müasir Musiqi Festivalının bağlanış konsertindən geridə qalmayacaq.

Materialı hazırladı: Natalya Surnina festivalın mətbuat xidməti
Tərcümə: Aybəniz Məmmədova, musiqişünas























Deutsche Botschaft       Ministry of Culture of Russian Federation             Republique Française              Gemeente Amsterdam       Fonds Podium Kunstum performing arts fund NL           ArtsCouncil Azerbaijan